“Azəriqaz” partlayış baş verən bina barədə məlumat yaydı

“Azəriqaz” partlayış baş verən bina barədə məlumat yaydı
Oxunma sayı: 1386

“Azəriqaz” İstehsalat Birliyi Gəncədə baş vermiş və ölümlə nəticələnən partlayışla bağlı məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev hadisənin baş verdiyi binada bu il təlimatlandırmanın həyata keçirildiyini bildirib: “Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən binaların birində partlayış baş verib. Bir nəfərin ölümü ilə nəticələnən hadisədən SOCAR "Azəriqaz" İB olaraq biz də üzüldüyümüzü ifadə edirik. Mərhumun yaxınlarına başsağlığımızı çatdırırıq. Təəssüf ki, səbəblər araşdırılmadan, ortada rəsmi mövqe olmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyi barədə bəzi saytlarda xəbərlər dolaşır. Bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur. Digər yerlərdə olduğu kimi, sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub”.

Qeyd edək ki, partlayış nəticəsində həlak olan 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.