Azərbaycanlı həkim Türkiyədə beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı həkim Türkiyədə beynəlxalq mükafata layiq görüldü
Oxunma sayı: 1603

Türkiyə Prezidentinin himayəsində təşkil və təqdim olunan TÜBA – Beynəlxalq Akademiya Mükafatı növbəti laureatları açıqlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, üç laureat arasında Kopenhagen Universitetinin azərbaycanlı professoru Dr. Məsud Aşina Sağlamlıq və Həyat Elmləri kateqoriyasında mükafata layiq görülüb.

Mükafatlar dekabrın 28-də Türkiyə Prezidentinin Rezidensiyasında keçiriləcək TÜBA-TÜBİTAK Elm Mükafatları Mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, Prof. Dr. Məsud Aşina 1965-ci il dekabrın 29-da Bakıda anadan olub. 1988-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib. Baş ağrısı sahəsinin ən əhəmiyyətli mütəxəssislərindən biri olan Jes Olesenin rəhbərliyində təhsilini tamamlayaraq, yüksək nailiyyətləri sayəsində eyni universitetdə qalıb və akademik həyatını uğurla davam etdirib. Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hazırda İnsan Miqren Araşdırmaları Mərkəzinin Direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü seçilib.