Azərbaycanın Mərkəzi Asiyanın türkdilli ölkələri ilə münasibətləri strateji xarakter alır

azerbaycanin-merkezi-asiyanin-turkdilli-olkeleri-ile-munasibetleri-strateji-xarakter-alir
Oxunma sayı: 1118

Son aylarda rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə münasibətlərində dinamizm və intensivliyin artması müşahidə edilir. Bunu zəruri edən amillərdən biri də Ukraynadakı müharibə fonunda regionun nisbətən fərqli tranzit-kommunkasiya “xəritəsi”nin formalaşmasıdır. Azərbaycan mövcud imkanlardan bəhrələnərək bölgədə tranzit potensialını möhkəmləndirməyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağı və körpü rolunu oynamağa çalışır. 

İkinci Qarabağ Müharibəsindən sonra yeni mənzərənin formalaşdığı Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tarixən mövcud olmuş nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi strateji məsələ kimi meydana çıxıb. Eyni zamanda, Türkdilli dövlətlər arasında əlaqələrin son illərdə daha da genişlənməsi, Türkdilli Dövlətlər Birliyinin yaranması çoxvektorlu əlaqələr üçün yeni imkanlar açıb. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiyanın türkdilli respublikaları, xüsusilə Qırğızıstan, Özbəkistan və Qazaxıstan ilə münasibətlərinin strateji müstəvidə inkişafı xüsusilə qeyd oluna bilər. 

Bu ilin aprel ayında Qırğız Respublikası Prezidenti Sadır Japarovun Bakıya rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin, iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin, eləcə də 20-dək digər mühüm sənədin imzalanması deyilənləri təsdiqləyir. 

Dövlət başçısı İlham Əliyevin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak məqsədilə iyunun 29-da Türkmənistana işgüzar səfəri, bu ölkənin yeni Prezidenti Sərdar Berdiməhəmmədovla apardığı müzakirələr Azərbaycanla bu Mərkəzi Asiya ölkəsi arasında əlaqələrə də yeni təkan verib. 

Avqustun 23-də Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı, əldə olunmuş mühüm dövlətlərarası razılaşmaların icrası ilə bağlı aparılan müzakirələr də xüsusi diqqət çəkir.

Xatırladaq ki, avqustun 2-də Daşkənddə Özbəkistan, Azərbaycan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci görüşünün keçirilməsi və “Daşkənd Bəyannaməsi”nin imzalanması üçtərəfli əməkdaşlıq təşəbbüslərini praktik müstəviyə keçirib. Hələ iyunun 27-də Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsinə məsul nazirlərinin birinci üçtərəfli görüşünün keçirilməsi, mühüm razılaşmaların əldə edilməsi bunun real təzahürləridir. 

Azərbaycan Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tranzit əlaqələrini genişləndirmək yükdaşımaların həcmini yüksəltmək üçün paralel olaraq Türkiyə və Gürcüstanla da sıx müzakirələr aparır. Təsadüfi deyil ki, son günlərdə hər üç ölkənin gömrük və nəqliyyat sahələrinə məsul nazirlərinin Tbilisidə keçilən görüşlərində avtomobil yolları, eləcə də Bakı-Tbilis-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib. 
Nəhayət, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu günlərdə Azərbaycana gerçəkləşən səfəri, imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, eləcə də digər mühüm sənədlər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar açır. Bu sənədlər siyasi əlaqələrin inkişaf etdirilməsini, dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı dəstəyini, mühüm məsələlərin həlli ilə bağlı birgə səylərinin əlaqələndirilməsini, eyni zamanda, iqtisadi-ticarət, nəqliyyat-logistika sahələrində əməkdaşlığının inkişafını, mədəni-humanitar əlaqələrin genişləndirilməsi kimi vacib məsələləri əhatə edir. 

Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi vacibliyinin öz əksini tapması  mühüm məqam kimi qeyd olunmalıdır. Azərbaycanın Vətən Müharibəsindən sonra formalaşdırmaq istədiyi yeni nəqliyyat və dəmir yolu layihələri Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında tranzit-kommunikasiya bağlarını daha da gücləndirməklə, türkdilli dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığı dərinləşdirəcək. Prezident İlham Əlivev bunu yüksək dəyərləndirərək deyib: “Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq”.
Ümumiyyətlə, Ukrayna-Rusiya arasında hərbi əməliyyatlar fonunda Azərbaycan ərazisindən keçən Orta Dəhliz və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti cidid şəkildə artıb. Yaranmış vəziyyət Qərblə Şərq arasında beynəlxalq yük axınlarının Orta Dəhlizə marşrutuna cəlb edilməsi imkanlarını genişləndirib. Bu Marşrut Çindən Mərkəzi Asiya ölkələri vasitəsilə Türkiyəyə, eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasını təmin edir. Yükdaşımaları əsasən, Gürcüstanın Poti və Batumi limanları, eləcə də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə təmin edilir.

Bütün bunlar həm də deməyə əsas verir ki, Azərbaycan bu gün strateji müttəfiqi Türkiyə ilə birgə eyni dil, din və mədəni köklərə malik türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə, onların beynəlxalq müstəvidə real güc amilinə çevrilməsinə çalışır. Mərkəzi Asiya ölkələrinin İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini birmənalı müdafiə etmələri, postkonflikt dövründə isə azad edilmiş ərazilərin bərpası prosesində iştirakları rəsmi Bakı tərəfindən yüksək dəyərləndirilir.