“Azərbaycan sübuta yetirdi ki, tərəfsizlik mövqesizlik deyil”

“Azərbaycan sübuta yetirdi ki, tərəfsizlik mövqesizlik deyil”
Oxunma sayı: 1389

Bu gün bəşəriyyət İkinci Dünya Müharibəsindən sonra, bəlkə də öz tarixinin ən mürəkkəb, ən ziddiyyətli və ən həssas mərhələsini yaşayır. 

Hətta İkinci Dünya Müharibəsi ərəfəsində belə beynəlxalq münasibətlər sistemi indiki kimi mürəkkəb, qütbləşmələr bu qədər dərin, qlobal proseslərdə yer alan, yaxud yer almağa iddia edən və ya bunun üçün daha əlverişli məqam gözləyən aktorların sayı indiki qədər çox deyildi. Təəssüf ki, fərd və xalq olaraq yaşadığımız zaman çərçivəsini və onun ölçü vahidlərini seçmək imkanında deyilik... SSRİ-nin süqutu ərəfəsində qırmızı imperiyanın sərhədləri çərçivəsində baş verənləri, həmçinin xalqımıza, Vətənimizə qarşı həyata keçirilən sui-qəsd planlarının miqyasını, 20 Yanvar qətliamını, Xocalı soyqırımını, torpaqlarımızın işğalını, yurd-yuvasından didərgin düşən soydaşlarımızın ah-naləsini, qaçqın düşərgələrini, vaqon-evləri, çörək növbələrini və daha nələri görən böyüklərimiz bizə İkinci Dünya Müharibəsi zamanı yaşadıqlarını örnək göstərdikləri üçün peşmanlıq keçirirdilər. Ruhları şad olsun, indi yaşasaydılar, yəqin ki, deməyə sözləri də olmayacaqdı... Və bəlkə də bu qədər qarışıq, qlobal miqyasda xəstəliklərin, iqtisadi çətinliklərin, su və ərzaq qıtlığının tüğyan etdiyi, gücün ədalətə sonunadək qənim kəsildiyi bir zaman kəsiyində dövlət müstəqilliyinin cəmi 31-ci ildönümünü yaşayan Azərbaycanın öz ayaqları üzərində necə dimdik dayandığına, Zəfər çaldığına, şərin hikkəsinə qarşı misli görünməmiş bir dirəniş sərgilədiyinə təəccüblənəcəkdilər. Kaş ki, yaşayaydılar... Kaş ki, görəydilər...

...Təfərrüatına varmayacağam. Əks təqdirdə gətirəcəyim nümunələrin sayı məni mətləbdən uzaqlaşdıra bilər. Şübhəsiz ki, bu günkü duruşumuzun, dimdik qamətimizin, irəliyə, gələcəyə dikilən işıq dolu baxışlarımızın, bar verən ümidlərimizin təməlində ölçüsü saat əqrəblərinin sürətinə, təqvimə sığmayacaq zəka və zəhmət dayanır. Bizim üçün “Z” zəkanı, zəhməti və təbii ki, zəfəri simvolizə edir. Maraqlıdır, riyaziyyatda tam ədədlər çoxluğunu ifadə edən “Z”-nin ibrani dilində anlamı, “qılınc”, “ruhun silahı”, “fikir” və “söz” deməkdir. Eynilə dünyagörüşümüzün və əməlimizin vəhdətindən, qurucu, yaradıcı fitrətimizdən doğan bugünümüz və sabahımızın gerçək obrazı kimi...

...Mətləbdən uzaqlaşsam da, mətləbin tam qızıl ortasından keçən bir məqama körpü saldığımı düşünürəm. Simvollar, rəqəmlər isə, istəsək də, istəməsək də bizi hər addımımızda müşayiət edir. Lakin öz xalqı, Vətəni üçün çalışan, haqqın, ədalətin, insanlığın keşiyində dayanan, milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər milli olan düşüncə, heç zaman simvolların, rəqəmlərin təsiri altında hərəkət etmir, simvolları və xalqının ən xoşbəxt günlərini ifadə edən rəqəmləri özü yaradır. Tarixi rəmzlərlə yox, rəmzləri özünün və xalqının yazdığı tarixlə formalaşdırır.

Məhz bu baxımdan, qənaətimə görə, xalq və dövlət olaraq, təkcə mürəkkəb və ziddiyyətli bir zaman kəsiyindən deyil, həm də xələflərimizin min illər boyu qürur duyacağı, stimul alacağı, simvola çevirəcəyi tarixi bir dönəmdən keçirik... Və nə yaxşı ki, önümüzdə bizi öz işıqlı zəkası və xarakteri ilə zamanın sınaqlarından sağa-sola varmadan keçirən, dünyagörüşümüzün və gələcəyimizin qütbləşməsinə imkan vermədən, üz-üzə gələn, toqquşan mənafeləri milli maraqlarımız üzərində uzlaşdırmağı bacaran liderimiz var.

Biz kimsənin izində, yolunda deyilik. Azərbaycan Prezidentinin 2003-cü ildən başlayaraq, həyata keçirdiyi siyasətin mahiyyətini, xalqımızı dövlətçiliyimizin ideoloji, iqtisadi və siyasi əsasları üzərindən keçən yolla irəliyə doğru aparmaq fəlsəfəsi təşkil edir. Bu tarixin müxtəlif dönəmlərində özünü ayrı-ayrı ideoloji və siyasi müstəvilərdə büruzə verən “Üçüncü yol”un müasir geosiyasi reallıqlarla, milli maraqlarımız və iradəmizlə cilalanmış Azərbaycan nümunəsidir.

Azərbaycan 2011-ci ildə ildə, fərqli baxışlara və yanaşmalara rəğmən, Qoşulmama Hərəkatına üzv olanda məhz “Üçüncü yol” amilinin tarixi-siyasi aspektlərini əsas götürərək, çoxları üçün gözlənilməz olan bir addım atdı və ölkəmizi fərqli qütblərə doğru çəkmək üçün dəridən-qabıqdan çıxanlara seçiminin yalnız və yalnız Azərbaycanın milli maraqları olduğunu nümayiş etdirdi.

Subyektiv qənaətimdir. Amma düşünürəm ki, vaxtilə İosif Broz Tito, Camal Əbdül-Nasir və Cəvahirləl Nehrunun ideyaları və məsləhətləşmələri üzərindən gerçəkləşdirilən geosiyasi “Üçüncü yol”un – Qoşulmama Hərəkatının yenidən dirçəlişinin məhz Azərbaycanın bu təşkilata üzvlüyündən və sədrliyindən sonra qlobal proseslərdə daha fəal rol oynaması təsadüfi deyil. Azərbaycan bu təşkilata və təbii ki, uzun illər boyu ən müxtəlif ideoloji platformalar üzərindən istifadə olunan “Üçüncü yol” anlayışına öz baxış bucağını gətirdi və sübuta yetirdi ki, tərəfsizlik mövqesizlik deyil, dəyərlərin, prinsiplərin yanında yer almaq, öz milli maraqlarını nəyin bahasına olursa-olsun müdafiə etməkdir.

Qənaətimə görə, Prezident İlham Əliyevin mərkəzçi mövqeyi, “Üçüncü yol”u bu ideyanın geosiyasi müstəvidə özünü büruzə verdiyi zaman kəsiyindən xeyli öncə mövcud fəlsəfi-ideoloji baxışlara daha çox uyğun gəlir və bu baxış bucağını təməl prinsiplərini, mahiyyətini əks etdirir. Məsələn, milladdan 551 il öncə dünyaya göz açan böyük Çin filosofu Konfutsiyə görə “Üçüncü yol” – qızıl orta fəzilətli bir anlayış kimi ən ali prinsip sayılmalıdır: “Əllərində iki qütbü tutmaq, lakin onların ortasında olandan istifadə etmək”. Mənə görə, Konfutsinin bu ehkamında yer alan “qızıl orta” anlayışı milli maraqları və bu maraqların qırmızı xətt kimi keçilməz olduğunu qəbul etdirmək bacarığını ifadə edir.

Azərbaycan bu gün, təkcə Qoşulmama Hərəkatına ardıcıl olaraq ikinci dəfə sədrlik edən bir dövlət kimi yox, həm də müstəqil hüququn subyekti olaraq, yalnız milli maraqlardan çıxış etmək və uzlaşmağı bacarmaq məharətini uğurla nümayiş etdirir.

Buna Azərbaycanın qardaş Türkiyə ilə imzaladığı və hər iki ölkənin parlamentində ratifikasiya edilməklə hüquqi-normativ akt statusu qazanan Şuşa bəyannaməsini, Rusiya ilə müttəfiqlik münasibətlərini, eləcə də Avropa İttifaqı ilə ölkəmizin və regionun təhlükəsizliyi, iqtisadi maraqları və digər mühüm istiqamətlər üzərindən əməkdaşlığını nümunə gətirmək olar. Reallıq göz önündədir. Mövcud geosiyasi şəraitdə ölkəmizin inkişafı və milli maraqlarımızın müdafiəsi üçün bundan daha uğurlu bir platforma seçmək mümkün deyildi...

Özünün dediyi kimi, nəyi, necə, nə vaxt etmək lazım gəldiyini hər kəsdən yaxşı bilən Azərbaycan Prezidenti öz xalqına hər şeyin ən yaxşısını arzulayır və bunun üçün ən doğru, ən ağrısız və təbii ki, zamanında seçim etməyi bacarır.

Mövcud geosiyasi reallıqlar çərçivəsində sağa-sola vurnuxan, qütblərarası manevrlər etməklə ayaqda qalmağa çalışan, amma son nəticədə həm sağdan, həm də soldan zərbə alanların acizanə görünütüsü fonunda Azərbaycanın “Üçüncü yol”u və təbii ki, gələcəyi daha aydın, daha işıqlı görünür!

Elçin Mirzəbəyli

Əməkdar jurnalist