“Azad olunmuş ərazilərimizə 2,2 milyard manat xərclənəcək” - Nazir

“Azad olunmuş ərazilərimizə 2,2 milyard manat xərclənəcək”
Oxunma sayı: 2764

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə müsahibə verib.

“Qafqazinfo”nun xəbərinə görə, nazir müsahibəsində Azərbaycanda koronavirusla bağlı iqtisadi vəziyyət və ölkəmizin torpaqlarını işğaldan azad etdiyi Vətən Müharibəsinin nəticələrini dəyərləndirib.

“Azərbaycan iqtisadiyyatı koronavirusa görə ötən il 4,3 faiz geriləmişdi. Bu il isə 3,4 faiz artım gözləyirik. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun da ölkəmizlə bağlı builki proqnozları nikbindir. Dünya Bankı bu il iqtisadiyyatımızın 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırır”.

Nazir ümidvar olduğunu bildirib ki, Azərbaycanda yanvarın 18-dən başlayan koronavirus vaksinasiyasından sonra qapanma olan sahələrdə yenidən canlanma müşahidə ediləcək.

“44 günlük müharibə və Rusiyanın vasitəçiliyi ilə imzalanan Bəyanatdan sonra işğal altındakı torpaqlar azad edilib. Müharibədən sonra böyük yenidənqurma planları var. Nəqliyyat əlaqələri genişlənəcək, yeni geosiyasi reallıqlar Azərbaycan iqtisadiyyatında böyüməyə və məşğulluğa önəmli töhfə verəcək”, - M.Cabbarov əlavə edib.

O vurğulayıb ki, ölkəmiz işğaldan azad olunmuş ərazilərimizin inkişafı üçün 2,2 milyard manat xərcləyəcək.