Avtomobillərin ötüşməsi 2 gəncin ölümü ilə nəticələnib - Video

Avtomobillərin ötüşməsi 2 gəncin ölümü ilə nəticələnib
Oxunma sayı: 4010

İki gün əvvəl Lənkəran rayonunda iki gəncin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı Səpəkəran kənd sakini, 23 yaşlı Əliyev Fariz Ramiz oğlunun idarə etdiyi “VAZ 2107” markalı 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil digər minik avomobili ilə ötüşüb.

Belə ki, taksi fəaliyyəti göstərən 1999-cu il təvəllüdlü F.Əliyev digər taksi ilə Lənkərana gedən yolun Vel kəndindən gedən hissəsində ötüşərkən həmin avtomobil Farizin sürdüyü maşını sıxıb. Bu zaman saatda 130-140 kilometr sürətlə hərəkət edən avtomobillərin bir-birinə yüngül toxunması qəzaya səbəb olub. Nəticədə F.Əliyevin sürdüyü “VAZ 2107” idarəetmədən çıxaraq Vel sakinlərindən birinin həyətinin dəmir darvazasına çırpılıb. Nəticədə sürücü və sərnişini Ruslan Hüseynzadə hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin Tərlan Rəhimov isə xəstəxanaya yerləşdirilib və vəziyyəti olduqca ağır qiymətləndirilir.

Bildirilir ki, qəzada vəfat edən sərnişin Ruslan Hüseynzadə şirkətlərin birində mühafizəçi işləyirmiş.

Hadisə şahidləri bildiriblər ki, qəzadan sonra tamamilə yararsız vəziyyətdə olan avtomobilin spidometri 130-un üstündə dayanıbmış və bu da kəndin daxilində avtomobillərin həddən artıq sürətlə hərəkət etməsini göstərir.

O da bildirilib ki, qəzadan bir neçə saniyə sonra Vel kənd sakini öz evinin həyətindən içəri daxil olub və az sonra avtomobil böyük zərblə onun həyət qapısına çırpılıb.

Qeyd edək ki, hadisə vaxtı F.Əliyevin maşını ilə ötüşən digər avtomobilin sürücüsü müəyyən edilib və həmin avomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam Rza