Atçılıq Mərkəzindəki atlar niyə acından ölür? - Fotolar

Atçılıq Mərkəzindəki atlar niyə acından ölür?
Oxunma sayı: 6487

Sosial şəbəkələrdə Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzində atların yem çatışmazlığı səbəbindən aclıq çəkdiyini əks etdirən məlumat və görüntülər yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, məlumatlarda Mədəniyyət Nazirliyinin balansında olan mərkəzdə saxlanan cins atlara lazımi qədər vəsait ayrılmaması səbəbindən yem tədarükünün kifayət etmədiyi iddia olunur. Şəki sakini Taleh Mustafayevin yazdığına görə, əgər heyvanlar yemlə təmin olunmasalar, tezliklə mərkəzdə bəslənən cins atların nəsli kəsilə bilər:

“Son dövrdə Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişiləndən sonra mərkəzdəki cins atların vəziyyəti çox pisdir. Yem tədarükü vəsaitin az olması səbəbindən tam şəkildə görülmür. Bu da ona gətirib çıxarıb ki, hazırda atlar aclıqdan tələf olur. Nazirlik rəsmilərinin laqeydliyi ucbatından cins atlar itib-batır. Qısa bir zamanda tədbirlər görülməsə, mərkəzdə olan atlar tamamilə məhv olacaqlar”. 

Problemlə bağlı Mədəniyyət Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müəssisə təsərrüfat hesablı olduğundan cari il üçün nazirlik tərəfindən ora vəsait ayrılmayıb: 

“Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi (Şəki şəhəri) təsərrüfat hesablı müəssisədir və 2021-ci il üçün mərkəzin saxlanmasına dair maliyyə vəsaitinin ayrılması Mədəniyyət Nazirliyinin büdcəsində nəzərdə tutulmayıb. Eyni zamanda qeyd edək ki, bununla əlaqədar nazirlikdə müzakirələr aparılır və məsələnin müvafiq həll yolları axtarılır”.

Gülnar Əliyeva