Anar Kərimov Rabatda ICESCO-nun Baş direktoru ilə görüşdü - Fotolar

Anar Kərimov Rabatda ICESCO-nun Baş direktoru ilə görüşdü
Oxunma sayı: 1116

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir. Səfər çərçivəsində noyabrın 20-də Rabat şəhərində, ICESCO-nun qərargahında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təşkilatın Baş direktoru Salim Məhəmməd əl-Malik nümayəndə heyətini salamlayaraq, 2021-ci ilin yanvarında və cari ilin mayında ölkəmizə gerçəkləşən səfərlərindən söz açıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini, habelə ölkəmizin Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətlərini və ICESCO-nun elan etdiyi “Qadınlar İli” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də keçirilmiş videokonfrans formatında tədbirdə çıxışını məmnunluqla xatırlayıb. Hər iki səfərində ölkəmizin işğaldan azad edilmiş ərazilərini ziyarət etdiyini deyən Salim Məhəmməd əl-Malik Azərbaycana hər zaman sevə-sevə gələcəyini bildirib.  

ICESCO-nun yeni strategiyasının təşkilatın beynəlxalq nüfuzunun artmasına ciddi təsir etdiyini bildirən nazir Anar Kərimov qlobal böhranlar dönəmində sülh, ədalət və inkişaf dəyərlərinə sadiq qalmağın önəmindən bəhs edib. Nazir, bəzi təşkilatlardan fərqli olaraq, dini, milli və s. mənşəyinə rəğmən mədəni irsin qorunmasını siyasiləşdirməyən ICESCO-nun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələn ilk beynəlxalq təşkilat olduğunu minnətdarlıqla qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən elan edilmiş mədəniyyətlərarası dialoq naminə “Bakı Prosesi” çərçivəsində həyata keçirilən tədbirlərdə ICESCO-nun strateji tərəfdaş kimi iştirakından söz açan Anar Kərimov ölkəmiz tərəfindən 2021-ci ildə, postmüharibə dövründə elan edilmiş “Mədəniyyət naminə sülh” qlobal kampaniyasında da təşkilatın tərəfdaşlığının bizim üçün əlamətdar olduğunu deyib.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bu il 270 illiyinin qeyd edilməsi haqqında məlumat verən nazir ICESCO-ya təqdim edilmiş “Şuşa – İslam Dünyasının Mədəniyyət Paytaxtı 2024” nominasiyasının da uğurlu olacağına ümidvar olduğunu bildirib.

Azərbaycan-ICESCO münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir Prezident İlham Əliyev tərəfindən təşkilatın ölkəmizdə Regional Ofisinin açılması ilə bağlı sazişə dair müvafiq sərəncamın artıq imzalandığını məmnunluqla diqqətə çatdırıb.

Görüşdə ICESCO-nun müxtəlif bölmə rəhbərləri Azərbaycanla həyata keçirilən ortaq layihələrə dair nazirə məlumat veriblər.

Görüşdən sonra Salim əl-Malik nazir Anar Kərimovu ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib. Anar Kərimov yeni açılmış muzeylə tanış olan ilk xarici mədəniyyət naziridir.

Sonda ICESCO tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib.