Almatı hava limanı öz işini bərpa etdi

Almatı hava limanı öz işini bərpa etdi
Oxunma sayı: 415

Qazaxıstanın Almatı şəhərinin hava limanı öz fəaliyyətini bərpa edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Mülki Aviasiya Komitəsi yayıb.

Aeroport öz işini bərpa etdikdən sonra buraya ilk beynəlxalq reys Antalyadan həyata keçirilib.

Bu gün, həmçinin Kolombo-Almatı, Almatı-Seul uçuşlarının da təşkil edilməsi gözlənilir.

Hava limanının Mətbuat xidmətinin məlumatına görə isə, Almatıda komendant saatının qüvvədə olması səbəbindən aeroport ölkə vaxtı ilə 08:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək.

Xatırladaq ki, Almatı hava limanı yanvarın 5-i etiraz aksiyası iştirakçılarının hücumuna məruz qalıb və elə həmin gün etirazçılar oranı tərk edib.

Yanvarın 5-i şəhərdə fövqəladə vəziyyətin elan olunmasından sonra hava limanı yalnızca ölkəyə KTMT sülhməramlılarını gətirən, daha sonra isə Almatıdan Rusiya vətəndaşlarını təxliyyə edən hərbi aviasiyaya xidmət göstərib. Ölkədə fövqəladə vəziyyət yanvarın 19-na qədər davam edəcək.