Aİ Rusiyaya yeni sanksiyalar barədə qərar qəbul etdi

Aİ Rusiyaya yeni sanksiyalar barədə qərar qəbul etdi
Oxunma sayı: 1330

Almaniyanın xarici işlər naziri Heyko Maas avropalı həmkarları ilə danışıqların nəticəsi olaraq Rusiyaya əlavə sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etdiklərini açıqlayıb.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrel isə rusiyalı müxalifətçi Aleksey Navalnının həbsinə görə məhdudiyyət tədbirlərinin tətbiq olunacağını deyib.

H.Maas Aİ XİN rəhbərlərinin iclasından sonra bildirib ki, sanksiyalar Navalnının həbsi ilə bağlıdır. O, J.Borrelin Moskvaya səfərinə diqqət çəkib:

“Rusiya ilə əlaqələr, həqiqətən də, pis vəziyyətdədir. Bunu izah etmək üçün başqa kəlmə yoxdur. Buna görə daha çox sanksiya tətbiq etməyə qərar verdik, məlum şəxsləri sanksiya siyahısına salacağıq”.

Borrel bildirib ki, bu məhdudlaşdırıcı tədbirlər üçün Aİ-nin ötən ilin dekabrında başlatdığı Qlobal İnsan Haqları Sanksiya Rejimi ilk dəfə dövriyyəyə salınıb.

Onun sözlərinə görə, sanksiyaların hazırlanması üçün bu gündən etibarən prosesə start verilib, real təkliflər var və tədbirlər bir həftə içində hazır olacaq.