Ağzını tikən keçmiş MAXE ilə bağlı rəsmi açıqlama - Foto

Ağzını tikən keçmiş MAXE ilə bağlı rəsmi açıqlama
Oxunma sayı: 5587

Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Namiq Süleymanovun ağzını tikməsi ilə bağlı görüntüləri yayılıb. Görüntülərdə N.Süleymanovun dövlət qurumları tərəfindən problemlərinə etinasız yanaşıldığına görə ağzını iynə-sapla tikərək aclıq aksiyası etdiyi bildirilib.

Məsələ ilə bağlı keçmiş hərbçinin ailəsi ilə əlaqə saxladıq. Həyat yoldaşı “Qafqazinfo”ya bildirdi ki, mənzil və iş problemi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinə, eləcə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də, onlara heç bir kömək göstərilməyib: “Nə evimiz, nə işimiz var. Hazırda Ağcəbədi rayonunda yaşayırıq. Həyat yoldaşım hərbçi idi. Lakin müqaviləsi bitəndən sonra işdən azad edildi. Namiq Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Şuşanın azad olunmasında iştirak edib və medallarla təltif olunub. Hazırda rayon sakinlərinin köməyi ilə Ağcəbədidə qaçqınlar üçün tikilən qəsəbədə məskunlaşmışıq. Laçın RİH başçısı Aqil Nəzərlinin də qəbulunda olduq, lakin heç bir köməklik göstərilmədi”.

Xəbəri rus dilində oxuyun: Расистская реклама известной компании разгневала пользователей сети - Видео

На Садаракской таможне арестованы брат и сестра

Problemlə əlaqədar Laçın RİH-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, icra başçısı Aqil Nəzərlinin ünvanına səsləndirilən məlumatlar əsassızdır: “Namiq Süleymanov işlə və mənzillə təmin olunması məsələləri ilə bağlı 05.05.2022-ci il tarixdə icra başçısının qəbulunda olub. Heç bir peşə və ixtisas təhsili olmayan Namiq Süleymanovun Dövlət Məşğulluq Agentliyinə müraciət etməsi tövsiyə olunub, Laçın RİH-nin mənzil fondu olmadığından onun mənzillə təmin olunması məsələsi ilə bağlı ona müvafiq izahat və düzgün istiqamət verilib.

Namiq Süleymanov Ağcabədi rayonunun Taxta Körpü ərazisində salınmış 256 ailəlik məcburi köçkün qəsəbəsində vətəndaş Lənkəran Cabbarova məxsus evi qanunsuz zəbt edib. Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə onun həmin yaşayış evindən çıxarılması qərara alınıb. Vəziyyətlə əlaqədar onun qanunsuz zəbt etdiyi mənzildə müvəqqəti məskunlaşması təklif olunsa da, o, bundan imtina edərək evin öz adına verilməsini təkidlə tələb edib. “Qaçqınkom” tərəfindən Namiq Süleymanova həmin qəsəbədə birotaqlı ev təklif olunub, lakin o, həmin təklifdən imtina edib”.

Əldə etdiyimiz məlumata görə, hazırda N.Süleymanovun ağzını tikərək aclıq aksiyası keçirməsi ilə bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də sorğu ünvanlamışıq.

Qeyd edək ki, Namiq Süleymanov 2017-2021-ci illərdə Azərbaycan Ordusunda MAXE kimi işləyib və öz arzusu ilə 2021-ci ilin sentyabrında xidmətdən xaric edilib.

Amin Nəzərli