ADNSU-da Anım Gününə həsr olunmuş tədbir - Fotolar

ADNSU-da Anım Gününə həsr olunmuş tədbir
Oxunma sayı: 776

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, II Vətən müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış Kompleksin önünə yürüş və əklil qoyulması ilə başlanan və karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ADNSU-nun İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin şəhid məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

ADNSU-nun şəhid məzunları haqqında universitet tərəfindən çəkilmiş “Tarix yazan qəhrəmanlar” sənədli filmi nümayiş olunub.  

Tədbiri giriş sözü ilə açan rektor M.Babanlı haqq savaşında Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən söz açıb. Son damla qanına qədər vuruşaraq Azərbaycan xalqına bu zəfəri yaşadan şəhidlərin hər zaman xalqın qəlbində yaşayacaqlarını deyən rektor Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu qələbədə öz payı olan ADNSU-nun 22 nəfər şəhid məzununun xatirəsinin universitetdə hər zaman uca tutulacağını qeyd edib. 

Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları da çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb və şəhidlərə qarşı göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.