Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn abşeronlu igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, qarşılaşdıqları problemlərin aradan qaldırılması və eləcə də onların müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, Abşeron RİH-nin təşkilatçılığı ilə şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 14 ailə (15 nəfər) ölkəmizin dilbər guşələrindən olan Naftalan şəhərinə yola salınıb. Onlar Naftalandakı istirahət mərkəzlərindən birində müalicə kursu qəbul edəcək və istirahətləri təmin olunacaq.
Bu münasibətlə Abşeron RİH-də şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı Abdin Fərzəliyev bildirib ki, rayon icra hakimiyyətinin müvafiq şöbəsinin hazırladığı plana uyğun olaraq abşeronlu şəhid ailələrinin və qazilərin hissə-hissə ölkəmizin səfalı yerlərində istirahəti təşkil olunacaq. Bu göndərişin artıq ənənə xarakter daşıdığını, bundan sonra da layihənin davam etdiriləcəyini vurğulayan RİH başçısı qeyd edib ki, bu gün cəmiyyətimiz şəhidlərimizlə, şəhid ailələrimizlə və qazilərimizlə fəxr edir, onlar hamımızın qürur yeri, vətənpərvərlik nümunəmizdir.