Abil Zeynalovun taleyi necə olacaq? - Hamı ondan danışır...

Abil Zeynalovun taleyi necə olacaq?
Oxunma sayı: 8487

26 il əvvəl Rusiyaya gedən, “ölü” kimi qeydiyyata salındığı üçün Azərbaycana geri qayıda bilməyən Abil Zeynalovun başına gələnlər bir neçə gündür böyük müzakirələrə səbəb olub.

“Qafqazinfo”ya müraciət edən 1955-ci il təvəllüdlü, Quba rayonunun Rustov kəndində anadan olmuş Abil Zeynalovun qarşılaşdığı vəziyyət hüquqi baxımdan maraqlı vəziyyəti ortaya çıxarıb. O, hazırda “ölü” kimi rəsmiləşdirilib əmlakları satılsa da, ölkəyə qayıda bilməsə də, bir sıra hüquqlara malikdir və Azərbaycana qayıtdıqdan sonra hüquqi prosedur başlada bilər.

Xəbəri rus dilində oxuyun: Как сложится судьба “умершего” Абиля Зейналова?

Mələsə ilə bağlı “Qafqazinfo”ya açıqlama verən vəkil Xəyal Feyzullayev hər hansı bir şəxs barəsində uzun illər xəbər olmadığı təqdirdə onun ölmüş şəxs kimi qeydiyyata salınmasının qanunla mümkün olduğunu bildirib:

“Mülki Məcəllənin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

Həmçinin Məcəllənin 42-ci maddəsi ölmüş elan edilmiş şəxsin geri qayıtdıqda yaranmış hüquqlarını əks etdirir. Belə ki, ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Abil Zeynalovun verdiyi məlumatdan isə görünür ki, arvadı onun 2011-ci ildə ölməsi faktına əsaslanıb məhkəməyə müraciət edib və onun ölmüş elan edilmesi haqqında qətnamə alıb. Həmin şəxs Azərbaycana qayıda bilməsi üçün Azərbaycan Respublikasının həmin ölkədə yerləşən diplomatik nümayəndəliyinə, yəni səfirliyə və ya konsulluğa müraciət etməli, üzərində şəxsiyyətini təsdiq edən sənədi varsa onu təqdim edib kim olduğunu bildirməli və Azərbaycan Respublikasına qayıtması ücün pasport almalıdır. Bundan sonra özü və ya etibarnamə əsasında nümayəndəsi vasitəsilə həmin qətnaməni rəsmi şəkildə əldə edib onun ləğvinə dair şikayət verə bilər. Həmin şəxsin ölmüş elan edilməsi haqqında qətnamə ləğv edildikdən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakının qalan hissəsinin qaytarılmasını tələb edə bilər”.

Vəkil əlavə edib ki, şikayətçi yaxın perspektivdə əmlaklarını geri ala da bilər: “Həmin şəxs keçmiş arvadına qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət edə bilər. Bütün hallarda keçmiş arvadın nəyə əsaslanıb həmin şəxsin ölmüş hesab edilməsini tələb etməsi halları və təqdim etdiyi sübutlar ətraflı şəkildə araşdırılmalıdır”.

Qeyd edək ki, Abil Zeynalovun “Qafqazinfo”ya müraciətindən sonra əməkdaşımız tərəfindən kiçik araşdırma aparılıb və məlum olub ki, A. Zeynalovun ölüm kağızına Ədliyyə Nazirliyi Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov imza atıb. O bildirib ki, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb: “Zeynalov Abil Hacıbaba oğlu barəsində 10 oktyabr 2011-ci ildə Rusiya Federasiyasında vəfat etməsinə dair 2012-ci ildə məhkəmə qətnaməsinə əsasən ölüm faktı müəyyən olunub. Həmin illərdə biz orada işləməmişik və bu barədə məlumat da yoxdur. Lakin biz sənədlərin kökünə baxarkən müəyyən edirik ki, qanunvericilikdə də hüquqi faktların müəyyən olunması var. Yəni məhkəməyə müraciət edərək ölüm faktını müəyyən etdiriblər və buna əsasən qeydiyyat şöbəsinə müraciət ediblər. Bundan sonra ölüm haqqında sənəd açıblar. Ölüm qeydiyyatı hazırda da mövcuddur, ləğv olunmayıb. Bununla bağlı gərək vətəndaş məhkəməyə müraciət etsin. Bundan başqa o, səfirliyimizə və konsulluğumuza da müraciət edə bilər. Etibarnamə göndərməklə də məhkəmədə o qətnaməni ləğv elətdirə bilər. Yəni qanunvericilikdə bu nəzərdə tutulub ki, itmiş, ölüm faktı çıxmış şəxs varsa, həmin adam gələrsə, qeyd olunan məhkəmə qətnaməsi ləğv olunmalıdır”.

Nizam Rza