9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb

9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
Oxunma sayı: 1428

Daxili İşlər Nazirliyinin əməkdaşları bu ilin ilk 9 ayı ərzində sürücülərə 100 milyon manata yaxın cərimə yazıblar.

Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2846,5 min olub.

Xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.