20-yə yaxın rayonun bəzi kəndlərində qaz kəsilib - Yenilənib

20-yə yaxın rayonun bəzi kəndlərində qaz kəsilib
Oxunma sayı: 2022

Azərbaycanda 20-yə yaxın rayonun bəzi kəndlərində qazın verilməsində problem yaranıb.

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, axşam saatlarından ölkənin 20-yə yaxın rayonun müəyyən yaşayış məntəqələrində, əsasən kənd yerlərində qazın verilməsində kəsintilər olub: “Bununla bağlı araşdırma aparılır və paralel olaraq qazın verilməsi bərpa edilir”.

Şikayətçilərdən daxil olan məlumata görə, dünən axşam saat 21 radələrindən Neftçala, Masallı, Hacıqabul, Sabirabad, Lənkəran və digər rayonlarda qazın verilməsində kəsintilər əmələ gəlib.

***

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ümumi qaz şəbəkəsində artıq yüklənmə qeydə alınıb:

“Bu da qəflətən havanın soyuması ilə tələbatın artması nəticəsində baş verən prosesdir. Bunu biz fövqəladə vəziyyət kimi qəbul edə bilərik. Buna baxmayaraq mərhələli şəkildə qaz təchizatının həyata keçirilməsi, tənzimlənməsi aparılır. Yaxın saatlarda qaz təchizatında müəyyən dayandırmalar olan yerlərdə mərhələli şəkildə proses öz qaydasına düşəcək.

Kəsintilər əsas kənd yerlərində idi, rayon mərkəzlərində və strateji yerlərdə bu problem müşahidə olunmayıb. Yaxın günlərdə bütün abonentlərimiz hiss edəcəklər ki, onların qaz təchizatı yüksək səviyyədə tam rejimlərə uyğun tənzimlənəcək. Artıq problemlər geridə qalıb, tədricən artıq yüklənmələrlə bağlı yaranmış çətinliklər də aradan qaldırılır”.

Murad Əhməd