“16 mindən çox əmək müqaviləsində əməkhaqqı 300 manatdan aşağı göstərilib”

“16 mindən çox əmək müqaviləsində əməkhaqqı 300 manatdan aşağı göstərilib”
Oxunma sayı: 2368

"Ölkədə özəl sektorda 300-500 manat arası əməkhaqqı ilə bağlanan müqavilələr həmin sektor üzrə ümumi işçi saylarının təxminən 35 faizini təşkil edir".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib.

N.Vahabzadənin sözlərinə görə, bəzi hallarda əmək müqaviləsində qeyd edilən rəqəm real əldə edilən rəqəmdən az qeyd edilir:

"Bu gün əmək müqavilələrində real əməkhaqqının göstərilməsi daha yaxşıdır. Çünki işəgötürən vaxtilə əmək müqaviləsi imzalanan zaman minimum əməkhaqqını 250 AZN göstərirdisə, bu gün təqdim etdiyi bəyannamədə işçiyə ödədiyi əməkhaqqı müqavilədəki əməkhaqqından daha çoxdur. Biz də vergi ödəyicilərinə tövsiyə edirik ki, işçiyə ödədiyi əməkhaqqının məbləğini mütləq əmək müqaviləsində də düzəliş edərək qeyd etsin".

"Bu gün bazada 16 mindən çox aktiv əmək müqaviləsi var ki, orada əməkhaqqı 300 manatdan aşağı göstərilib. Bununla bağlı vergi ödəyicilərinə xəbərdarlıqlar edilib. Məlum olduğu kimi, bu gün əsas iş yeri və tam iş saatı olaraq ölkədə minimum 300 manatdan aşağı əməkhaqqı yoxdur.

Əlavə iş yerlərində bu mümkündür, lakin əsas iş yeri və tam iş qrafikinə əməkhaqqı mütləq minimum 300 manat və daha yuxarı olmalıdır", deyə N.Vahabzadə qeyd edib.

Gülnar Əliyeva