Azərbaycana qarşı yeni oyun - Müəllifi isə...

Azərbaycana qarşı yeni oyun
Oxunma sayı: 2142

Aprelin 11-də Strasburqda AŞPA-nın bahar sessiyası çərçivəsində “Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya” adlı (2279) qətnamə qəbul edilib.

Sənəd hüquq məsələləri və insan hüquqları Komitəsi tərəfindən təqdim edilib, məruzənin müəllifi hollandiyalı deputat Mart van de Vendir.

Məruzənin xülasəsində qeyd edilib ki, Avropa Şurası əvvəlki “Azərbaycan landromatı” məruzəsində əks olunmuş faktlardan narahat olub. Bu məruzədə Azərbaycan nümayəndələri tərəfindən böyük məbləğdə çirkli pulların yuyulmasından, Avropa xadimlərinin və deputatlarının ələ alınmasından söhbət gedirdi. Bu, Avropa Şurasında Azərbaycan hakimiyyətinin maraqlarını təbliğ etmək məqsədilə edilib. Moldovada, xüsusən ölkənin məhkəmə sistemində də bənzər faktlar aşkar edilib.

“AŞPA bu məqsədlə Azərbaycandan 2,9 mlrd. dolların çıxarılması faktından narahatdır”, – məruzədə vurğulanır.

Daha sonra iddia olunur ki, guya Azərbaycandan pulun böyük hissəsi Danske Bankın estoniya filialı vasitəsilə daxil olurdu. Pulların əsas alıcısı İtaliyalı deputat Luka Volonte, habelə Belçikalı Alen Deksteş, alman Karl Strents və Eduard Litner və Sloveniyadan Zmaqo Yelinçiça Plemeniti idi.

Eyni zamanda, iki azərbaycanlı millət vəkili Elxan Süleymanov və Müslüm Məmmədov də suçlanırlar.

Maraqlıdır ki, ölkəmizə qarşı “əsaslı” (!) ittihamların irəli sürüldüyü məruzədə Azərbaycandan bu istiqamətdə hesabat tələb olunmur, əvəzində “müstəqil vətəndaş cəmiyyətinin və KİV-lərin hüquq və azadlıqlarına hörmət etməyə” çağırılır.

Təbii ki, sənəddə “günahkar şəxslərin dərhal cəzalandırılması və genişmiqyaslı araşdırmaların aparılması” da tələb olunur.

Məruzə adlanan hesabatda başqa irrasional və sual doğuran məqamlar var. Hələlik onlara toxunmayaq, gələk əsas məqamlara.

Əvvəla, məruzənin AŞPA-nın hər hansı komitəsi, komissiyası və ya qrupu tərəfindən hazırlanmadığı bəllidir. “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi”nin (OCCRP) hazırladığı “Azərbaycan paltaryuyan maşını” adlı marazmatik araşdırmaya əsaslanan, daha doğrusu, “qlobal jurnalist təhqiqatı” kimi qələmə verilən, əslində isə bəlli dövlətlərin xüsusi xidmət orqanlarının kompromat kimi istifadə etməyi düşündükləri “konfidensial” məlumatlarla Corc Sorosun bilavasitə nəzarətində və maliyyə himayəsində olan təşkilatların birgə məhsulu olan hesabatdakı rəqəmlərdən tutmuş, adlar, strukturlar və təşkilatların fəaliyyəti, əlaqələri və əməllərinin sonucları ilə bağlı ciddi suallar vardı.

Həmin suallara hələ də cavab verilməyib.

AŞPA-da qəbul edilmiş məruzədə dissonanslar çoxdur.

Məsələn, məruzədə xüsusi həyəcan, hətta isteriya çalarları ilə vurğulanan belə məqam var: “Çirkli pulların yuyulması, xüsusilə də belə əməliyyatların geniş miqyasda həyata keçirilməsi qanunsuz maliyyə vəsaitinin transferlərinin istənilən mərhələlərində iştirak edən dövlətlərdə demokratik stabillik, insan haqları və qanunvericiliyin təminatı sarıdan təhlükədir”.

AŞPA etiraf etmək istəmir, lakin “landromat”lar və çirkli pulların yuyulmasının digər sxemləri ilə bağlı son illər OCCRP kimi marionet teatrı yox, ciddi strukturlar tərəfindən aparılmış təhqiqatlar, araşdırmalar bir əsas problemi üzə çıxardı: ən müxtəlif səviyyələrdə sistem problemləri var.

Həmin problemlər arasında dövlət strukturlarının yarıtmaz fəaliyyətindən tutmuş, belə fəaliyyətləri guya tənqid edənlərin mənəviyyatla əxlaqdan kasadlıqlarınadək.

Bunu Latviyanın baş naziri Krişyanis Karinş də deyib.

Çirkli Pulların Yuyulması ilə Mübarizədə Maliyyə Tədbirlərinin Hazırlanması Qrupunun (FATF) və çirkli pulların yuyulması ilə mübarizənin dəyərləndirilməsi üzrə Avropa Şurasının ekspertlər qrupunun (Moneyval) məsləhətlərinə və göstərişlərinə Avropa Birliyinə üzv olan hansı ölkə, Avropa Şurasında təmsil olunmuş hansı dövlət əməl edib?

Nə üçün hədəf qismində Rusiya, Latviya, Azərbaycan, Danimarka, Rusiya və Moldova seçilib?

Cavab çox bəsitdir. Bu ölkələr AŞPA-nın yeni “Avrointeqrasiya” layihəsini şübhə ilə qarşılayıblar, Fransa-Almaniya duetinin Britaniyaya qarşı geosiyasi və iqtisadi mübarizə taktikasında fiqur olmaq istəməyiblər.

Azərbaycana qarşı marazmatik, sərsəm iddiaların irəli sürüldüyü hesabatın de-yure müəllifinin hollandiyalı deputat olması da əsla təsadüf deyil.

Danimarkadakı “Danske Bank”ın rəhbərliyinin və yüksək rütbəli əməkdaşlarının həbsinin tələb olunduğu məruzə hazırlayan de-fakto müəlliflər bu sənədin danimarkalıları necə qıcıqlandıracağını bilirlər. Eynən moldovalıları, rusiyalıları, latviyalıları, azərbaycanlıları sinirləndirəcək kimi.

Lakin mexanizm işə salındığından geosiyasi və iqtisadi maraqlar mancanağında hansı dəyərlərin əzilməsi, hansı meyarların darmadağın edilməsi müəllifləri əsla maraqlandırmır.

Mart van de Vensə, sadəcə, fiqurdur. Adidən adi, tapşırıldığı rolu yerinə yetirən epizodik bir ünsür.

Onun kimliyi də müəyyən mənada önəmlidir, çünki “carçı” və “müəllif” qismində seçilməsini şərtləndirib.

Çünki Latviyadakı “Trasta Komersbank”ın əsas səhmdarı, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin sabiq üzvü İvan Fursinlə bankın idarə heyətinin sədr müavini, Latviya Seyminin (ölkə parlamenti, – E.A.) sabiq spikeri Alferds Çepanisin adlarının “qara siyahı”ya salınmasının yaradacağı qalmaqalı səngitmək üçün istifadə ediləcək “bəraət”, təbii ki, “sadə və vicdanlı danimarkalı deputat” təqdimatı olmalıydı.

Kimdir Mart van der Ven?

“Avropa Uğrunda Liberallar və Demokratlar Alyansı”nda (Alliance of Liberals and Democrats for Europe) xəzinədar, daha sonra Hollandiyada iqtidara gəlmiş “Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası”nın (Volkspartij voor Vrijheid en Democratie, VVD) AŞPA-dakı nümayəndəsi. Hazırda hüquq və insan hüquqları, habelə prosedurlar, immunitet və institusional məsələlər komitələrinin, etika üzrə alt komitənin üzvü.

Hollandiynın baş naziri Mark Rüttenin sədr olduğu VVD-də Mart van de Ven adi, hətta adidən adi funksionerdi. “Boz adam” ləqəbi ilə tanınan bu şəxs Avropa dəyərlərinin müdafiəçisi, konstitusionalist və mühafizəkar liberal (!) olduğunu sürəkli vurğulayır.

Mark Rüttenin və Hollandiyyanın müdafiə naziri Janin Hennis-Plasshratın “referenti” kimi də tanınan Mart van de Van, əslində, gerçək siyasi baxışlarını məharətlə pərdələməyi bacarır.

Məsələn, o, Türkiyənin Avropa Birliyinə üzvlyünə qarşı çıxır, mühacirlərə qarşı aqressiv mövqe tutur, Hollandiyanın miqrasiya qanunlarının sərtləşdirilməsini istəyir.

2010-cu ildə VVD-nin sədri Mark Rütte dövlət xərclərinin əhəmiyyətli miqdarda azaldılacağını, ölkədəki iqtisadi böhranın çözülməsi istiqamətində görüləcək tədbirlər sırasında mühacirlərə verilən müavinətlərin məbləğinin aşağı salınmasını vəd edəndə Mart van de Ven Haaqadakı telekanallardan birinə verdiyi müsahibəsində “Müsəlman miqrantlar artıq, gerçəkdən də, səbr kasamızı daşdırır: onların sayını mümkün qədər azaltmaq gərəkdir” demişdi.

ABŞ, Kanada, Belçika və Hollandiyada Quranın yandırılması aksiyalarına aşkar olmasa da, üstüörtülü şəkildə dəstək verən van de Ven hətta Türkiyəni “Avropanı təhdid edən irinli yara” da adlandırmışdı.

Azərbaycana gəldikdə isə, bu başabəla “siyasətçi” və “liberal-konstitusionalist”in mövqeyi konkretdir: sən demə, Azərbaycan “qarabağlı ermənilərin azadlıq və müstəqillik hüququnu tanımalıdır”.

2279 saylı qətnamə mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı mübarizəyə çağırış, bu sahədə görülməsi gərəkən işlərin sadalanması və ya hər hansı başqa konstruktiv təkliflərin sadalanması deyil. Sənədi problemlərin sadalandığı proqram bəyanatı hesab etmək də çətindir. Təəssüflə bildirir ki, bu qətnamə Avropa Şurasında artıq formalaşmış və qarşısına məqsəd qismində Azərbaycanı hədəfə almağı qoymuş qrupun bilavasitə iştirakı ilə hazırlanmış ifrat emosinal açıqlamadır.

Sadəcə, məramlar toplusu.

AŞPA-nın “sərt mövqe, dəmir iradə və dönməz qətiyyət”li təşkilat sayanlar, bu qurumun qətnamə, hesabat və məruzələrinin az qala “daşdan keçən, icrası mütləq sənəd” hesab edənlər ya sadəlövhdürlər, ya bisavad, ya da yalanı həqiqət kimi qələmə verməyə can atan ifrat hiyləgər.

Çünki AŞPA-nın tarixi boyu heç bir qərar (!) dərhal icra olunmayıb və ümumiyyətlə, qərarların total əksəriyyəti hələ də deklarativ istək formasında qalır.

Bundan başqa, AŞPA ehtiyac duyanda “qətiyyətli və sərt” mövqelərindən çox asanlıqla geri çəkilir.

Rusiya Krımı ilhaq edəndən sonra AŞPA 2014-2015-ci illərdə “sərt və qətiyyətli” mövqe tutaraq Rusiyanı cəzalandırmaq qərarına gəlmişdi. Rusiyanın AŞPA-dakı nümayəndə heyəti bir sıra səlahiyyətlərdən, ən başlıcası isə səs vermək və qurumun rəhbər orqanlarına seçilmək hüquqlarından məhrum olunmuşdu.

2017-ci ilin iyun ayında bəlli oldu ki, Rusiya bu diskriminasiyaya cavab olaraq AŞPA-ya üzvlük haqqını ödəməkdən boyun qaçırır.

Rusiyanın üzvlük haqqı isə ildə 33 milyon avrodur. Bu məbləğ AŞPA-nın illik büdcəsinin 7 faizini təşkil edir.

İki ildir ki, Rusiya həmin pulu ödəmir.

Sonucda AŞPA geri çəkilib və Rusiyanı nümayəndə heyətini formalaşdıraraq 5 illik qarşıdurmaya son qoymağa və üzvlük haqqı üzrə yığılmış borcu ödəyərək təşkilatın fəaliyyətində aktiv iştiraka çağırıb.

Fəqət, bu dəfə Moskva sərt mövqe sərgiləyib. Rusiya XİN-nin bəyanatında deyilir: “Biz çağırışı eşitdik. Yalnız beynəlxalq hüququn standartlarına uyğun şərtlərlə qayıda bilərik. Yəni Rusiyaya qarşı hər hansı təqib cəhdi olmamalıdır”.

AŞPA-nın Azərbaycana qarşı heç bir məntiqə sığmayan, təşkilatla dövlətimiz arasında əlaqələrin birtərəfli olaraq sərinləşdirilib gərginləşdirilməsinə yönəlmiş cəhdlərin artdığı, açıq ermənipərəst mövqelərin və Azərbaycandakı situasiyanı kənardan idarəetmə vasitəsilə gərginləşdirmək istəklərinin göründüyü situasiyaya son qoyulmasa, AŞPA anti-Azərbaycan qüvvələrin cövlan etdiyi meydan statusundan kənarlaşmasa rəsmi Bakı da adekvat addımlar ata bilər.

AŞPA anlamalıdır ki, Azərbaycanla əlaqələrdə o, daha maraqlıdır.

Azərbaycan nə yaxın, nə orta, nə də uzaq perspektivdə Avropa Birliyi ilə sıx inteqrasiyanı nəzərdən keçirməyib bərabərhüquqlu və qarşılıqlı sayğı əsasında Avropa Birliyi ilə tərəfdaşlığa üstünlük verir.

Əslində, Avropa Birliyi də yaxın onilliklərdə postsovet məkanından yeni üzv ehtimalını nəzərdən keçirmir: bəzi dövlətlər AB-yə inteqrasiyanı milli siyaətlərinin prioritet hədəfi elan etsələr də.

Azərbaycanın Avropa Birliyi ilə təmaslarındakı “qırmızı cizgi” məlumdur: iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlıq inkişaf etməlidir. Amma siyasət müstəvisində, xüsusilə də “insan haqları” demaqogiyasında AŞPA-nın kobud səhvlərini AB təkrarlamamalıdır.

AŞPA bunu çox gec də olsa, anlamalı və bilməlidlir ki, AŞPA-nın “Avronest” strukturundan imtina edən Azərbaycan absurd və siyasi əxlaqdan kənar qətnamələrin qəbulu davam edərsə, AŞPA-nı da tərk edə bilər.

Rəsmi Bakı şantaj, ultimatum və təhdidləri əsla qəbul etməyib, edən də deyil.

Rebekka Harms, Yaromir Ştetina, Mart van de Ven kimi simasız, merkantil maraqlar naminə asanlıqla böhtanlar istehsal edən yaramaz deputatların fəaliyyətininsə Bakı ilə münasibətlərə necə zərbə vurduğunu AŞPA rəhbərliyi dərk etməlidir.

Qəlbindəki erməni sevgisini heç zaman gizlətməmiş AŞPA-nın baş katibi Tyorbörn Yaqland da həmçinin…

Dünya siyasətindəki yerini və çəkisini çoxdan itirmiş AŞPA unutmamalıdır ki, Azərbaycan hazırda ATƏT və Avropa Birliyi ilə çox aktiv, məhsuldar tərəfdaşlıq edir.

Rəsmi Bakı marazmatik qətnamalərlə şantaj dilini seçənlərin cavabını verməyin yollarını bilir.

AŞPA-nın anqajə olunmuş marionetləri bunu bilirmi?

Elçin Alıoğlu


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi